Axır vaxtlar yaman kövrək olmusan: “Yanımda yaxın bir adamım olaydı kaş”, — deyə heyifsilənirsən. Çox qəribsəmisən, bəlkə onu görsən, bağrına basıb, qızılgül tək qoxusunu ciyərinə çəkərsən...
Başını söhbətə qatıb, beynində dolaşan qarmaqarışıq fikirlərdən yayındırmaq istəyirəm səni. Bir az da kövrəlirsən, gözlərin dolur, səsin, dodaqların titrəyir, göz yaşlarını gizlətməkdən ötrü üzünü əllərinlə qapayırsan.
Niyə ağlayırsan axı? Nə olub? Allah istədiyi bəndələrini həmişə sınağa çəkir, bunu birdəfəlik qəbul elə. Həyata açıq, ayıq gözlə bax, ağlamaq acizlikdir.
“Həzrəti Yusif” filminə baxırsanmı? Yusif Peyğəmbərin nə qədər ağır əzablardan keçdiyini, qardaşlarının ona zülm etdiyini görürsənmi? Bütün bu zalımlığın qarşılığında isə o, qardaşlarını sonralar da cəzalandırmaq fikrində olmur, əksinə, onları ən hörmətli qonaq kimi qarşılayır. Çünki bütün varlığı ilə istəyirdi ki, Uca Yaradan zülm və pislik etsələr də, qardaşlarını islah etsin, yanlış düşüncədən, pis niyyətdən daşındırsın. O səbəbdən də Həzrəti Yusif ümidini, ürəyini Allaha bağlayıb, insanlardan deyil, yalnız Uca Yaradandan imdad, mədət, qurtuluş yolu gözləyir, gecə-gündüz dilindən dua düşmür.
Əvvəlcə, hər şey öz axarında, qaydasında gedirdi. Sonra isə… Elə bil vəziyyət bir andaca dəyişdi, mehribanlığın, o səmimiyyətin ömrü çox çəkmədi, beləcə, xoşbəxtlik də, romantiklik də nifrətlə əvəz olundu, aralarında problemlər yaşanmağa başladı. Görünür, tələsmişdilər bir-birinə razılıq verib evlənməkdə. Odur ki, sevsələr də ayrıldılar...
Mövzu olaraq, ər-arvad münasibətlərinə həmişə geniş yer verilib, bu münasibətlərə aydınlıq gətirilib. Çünki bu gün əksər boşanmaların kökündə ərlə arvadın tamamilə fərqli xarakterə, fərqli dünyagörüşünə malik olmaları dayanır.
Bəzən hər şeydən bezirsən, ruhunda bir ölgünlük, əzginlik hiss edirsən. Həyat da gözündə adiləşir, insanlar da. Bir tərəfə çəkilib gözlərini bir nöqtəyə zilləyərək saatlarla beləcə lal-dinməz, sükut içində oturursan. Səni dindirib-danışdıran olmasa, bəlkə heç günlərlə yerindən də tərpənməyə tənbəllik edərsən. Amma yox, səhv edirsən, yadında saxla: həyat mübarizə aparmağı bacaranları sevər. Sən də mübariz ol, ruhdan düşmə, hələ hər şey qabaqdadır. Özünü ələ almağı bacar.
Çox mənzərə ilə üz-üzə qalacaqsan, çox hadisənin şahidi olacaqsan, qarşına xəbis də çıxacaq, xeyirxah da, səni sevən də olacaq, sevməyən də. Hər şeydən, hər sözdən küsüb incimə...
Fikir vermisənmi, yazın gəlişi ilə “yuxulu” təbiətin oyanışına?
Görmüsənmi iri bir daşın altından güclə də olsa, birtəhər baş qaldırıb səmaya “salam” verən kiçicik, zərif çiçəyin duruşunu? Sən də içində yaz təravəti, nəfəsində yaz qoxusu hiss et. Ruhunu təzələ, qəlbini xoş ovqata bağla, çünki hər şey qabaqdadır, nə özündən, nə də ətrafından küs, inci. Həmişə Allaha şükr et, dilindən duanı əsirgəmə, onda çox maneəni asanlıqla dəf etməyi bacaracaqsan. Yetər ki, sən ruhdan düşmə!
Bu qeydləri söz yığını olsun deyə qələmə almadım. Həqiqətən də, bu gün hər addımbaşı bizi izləyən, psixologiyamıza təsir edən, sağlamlığımızı əlimizdən alan əsəbi mənzərələrlə az qarşılaşmırıq. Lakin bu qanqaralığı evə, əzizlərimizin, doğmalarımızın yanına daşımamağa çalışmalıyıq. Unutmamalıyıq ki, evdə bizi övladımız, həyat yoldaşımız gözləyir və səmimi münasibət gözlədiyini unutmamalıyıq. Çünki sabahın insanı kimi yetişəcək övladlarımızı düşünməliyik. Bunun üçün də bədbinlik, gərginlik yükünü müvəqqəti də olsa, çiynimizdən atmalıyıq. Bir şeyi yadda saxlamalıyıq ki, uşaq körpə vaxtından fiziki baxımdan necə formalaşırsa, mənəvi cəhətdən də o cür formalaşıb, inkişaf edir.
Valideyn sabah davamçısı olacaq övlad böyüdür. Əgər o ailədə böyük-kiçik yeri bilinmirsə, o evdə ailə dramı yaşanırsa, uşaq hansı ruhda tərbiyə alacaq, onun qəlbində ətrafına, ata-anasına qarşı insanlıq, sevgi cücərtiləri, yoxsa vəhşilik baş qaldıracaq?
Statistika göstərir ki, ötən ilin ilk doqquz ayı ərzində boşanmaların sayı nikahdan daha çox olub. Bu isə arzuolunmaz haldır. Boşanmalardan da əziyyət çəkən, ilk növbədə, uşaqlardır. Belə hallar onların əhvali-ruhiyyəsinə təsirsiz ötüşmür, psixoloji baxımdan sarsıntılara səbəb olur. Telekanallar, mətbu orqanlar, elektron informasiya vasitələri Azərbaycanın regionlarında, eləcə də paytaxtımızda baş verən ailə faciələrindən bəhs edir. Həyəcansız, göynərtisiz oxuya bilmirsən bu xəbərləri. İş o yerə çatıb ki, balta, kürək və digər müxtəlif alətlərlə ağlasığmaz amansızlıqlar edilir, insan başı kəsilir. Oğul atanı, kişi qadını, qadın kişini öldürür, qardaş qardaşın, bacının qanını tökür. Bu hadisələrin əksəriyyətinin azyaşlı uşaqların, yeniyetmələrin gözləri qarşısında baş verməsi isə dəhşətdir.
Valideyn sabah davamçısı olacaq övlad böyüdür. Əgər o ailədə böyük-kiçik yeri bilinmirsə, o evdə ailə dramı yaşanırsa, uşaq hansı ruhda tərbiyə alacaq, onun qəlbində ətrafına, ata-anasına qarşı insanlıq, sevgi cücərtiləri, yoxsa vəhşilik baş qaldıracaq?
Seriallar da ailə dağılmalarında az rol oynamır. Çünki serialların əksəriyyətinin mövzusu amansızlıq, yumşaq dillə desək, qaba rəftar, qeyri-səmimilik, adət-ənənələrə yadlaşma üzərində qurulub. Əlbəttə, bu da insana yaxşı şey təbliğ etmir.
Ailədə övlad böyüyür, bir ailənin, bir elin, bir obanın təəssübünü çəkəcək övlad. Onun sağlam ruhda böyüməsi, düzgün tərbiyə alması həm valideyndən, həm cəmiyyətdən, həm də telekanallarımızdan böyük məsuliyyət tələb edir.
Onu uzaqdan görən kimi, “işimin gərgin vaxtında bu da gəlməyə vaxt tapdı”, — deyə dilxor olursan. Fikirləşirsən ki, yəqin səndən pul istəyəcək. İndidən özünü bu dialoqa hazırlayırsan: “yoxumdur, mən də sənin günündəyəm”, — deyəcəyəm. Belə etməsəm, sabah başqa bir təmənnaya gələcək”- deyə düşünürsən. O sənə yaxınlaşdıqca həyəcanın artır. “Nə istəyir məndən görəsən?..”
Görüşüb, hal-əhval tutursunuz. Söhbət başlayır. Aydın olur ki, problemi ailəsi sarıdandır, xanımı ilə ciddi söz-söhbəti olub, indi də yanına gəlib ki, ona bir yol göstərəsən. “Mən nə edim?” sualı ilə məsələnin çözümü üçün səndən kömək gözləyir.
Anası bir yaşı yenicə tamam olan Muradın üstünə çəmkirir. Balaca Murad bu rəftarı gözləmədiyindən təəccüblə anasının üzünə baxır və baxışları ilə, sanki, “mənim günahım nədir axı?” demək istəyir, gözləri yaşarır, ağlamağa başlayır. Muradın bacısı Şəbnəm qardaşının ağlamağına dözmür, qardaşının boynunu qucaqlayıb, doluxsuna-doluxsuna anasına: “Ana, qışqırma da qardaşımın üstünə, yazıqdır, qorxur axı?” — deyə gileyini bildirir...
Bəzən uşağa dəxli olmayan, evdə, ailədə, yaxud işdə hansısa bir səbəb üzündən əsəbiləşəndə də acığımızı körpənin üstünə tökürük, istəyirik hirsimizi, hikkəmizi ondan çıxaq. Hətta qəlbimiz sızlamadan əl də qaldırırıq, bir-iki sərt şillə, şapalaq vurduqdan sonra sakitləşirik. Axı o, körpədir, bapbalaca ürəyi hələ təzə-təzə döyünür, dünyanı yenicə duyur, dərk edir, toppuş ayaqlarını torpağa hələ bərk basa bilmir, daş-divarı yumşaq əllərinin toxunuşu ilə hiss edir. Onu vurmağa necə əlin gəlir? O, dünyanın ən zərif məxluqu, müqəddəs mələyidir.
“Mənim mələyim”, — deyə qoru onu, qoru, göz bəbəyin kimi…
Elm, texnika elə bir həddə çatıb ki, dünənki bu gün üçün köhnədir, günün tələbləri ilə ayaqlaşmaq böyük problemə çevrilib, hər nəsil özündən əvvəlkini təkzib edir, hər mövsümdə dünyanın başı üstündən bir bəla, bir xəstəlik əsib keçir.
Bəli, çox şeyləri anlayıb qavramaqda həmişəki kimi yenə valideynlərinin məsləhətinə ehtiyacın var. Amma bir şey var: çalış, məsələni qəlizləşdirmə, ata-ananın sənə sadə, adi dillə anlatdığı hər kəlməyə məna verib, onu problemə çevirmə. Bil ki, böyüklərin hər kəlməsi sənin ziyanına yox, xeyrinədir. Böyük sözünə əməl et, onların sözündən çıxma!
İndi sən yeniyetməsən, təkcə bir ailənin yox, xalqın gərəkli övladı olmağa, zamanın tələblərini doğru-düzgün anlamağa çalış. Tərbiyənlə, davranışınla yaşıdlarına nümunə ol, tərbiyənin ən səmərəli yolu nümunə olmaqdır.
Uşaq yetişdirmək Allah qarşısında bir borcu yerinə yetirmək deməkdir. Ona görə də əsəbiləşmədən, səsinizi qaldırmadan övladınıza məsləhət verin və mümkündürsə, ona bir az da haqq qazandırın, əziz valideynlər.
Əsəbilik, qəzəblənmək kimə xeyir gətirib ki, ailəyə də xoşbəxtlik gətirsin? Odur ki, danışanda belə səs tonumuzu qaldırmamalıyıq, ağzımızdan çıxaracağımız hər sözü həssaslıqla seçməliyik. Və danışmağı öyrəndiyimiz kimi, dinləməyi də bacarmalıyıq. Bəli, ailəyə hörmət etmək borcumuzdur.
Bir çox ailələrdə hörmət məfhumu düzgün başa düşülmür. Məsələn, bəziləri hörməti həyat yoldaşı üçün hər şeyə hazır olmaq, hər əzaba qatlanmaq kimi qəbul edirlər. Halbuki, hörmət təkcə qadınlara yox, hər iki tərəfə aiddir. Təbii ki, bunun üçün tərəflər bir-birilərini tam mənası ilə qəbul etməlidirlər. Bir az əvvəl də qeyd etdiyimiz kimi hörmət tərəflərin bir-birilərini qəbul etməsindən çox asılıdır. Tərəflər bir-birilərini müsbət mənada tənqid etmək hüququna malikdirlər. Bu da çox təbiidir. Ancaq bir tərəfin qarşı tərəfi qəbul edə bilməməsindən irəli gələn mənfi tənqidlər hörmətsizlik səviyyəsinə çata bilər ki, bu da hər iki tərəf üçün təhlükəlidir. Problemlərimizi təkbətək və qarşılıqlı hörmət çərçivəsində həll etməliyik. Təhqirə yol verməməliyik. Həyat yoldaşımızın zövqləri, düşüncələri ilə razılaşmasaq da, sərt reaksiya göstərməməliyik.