Iqtisadiyyatda tam məşğulluğun olmamasının səbəblərindən biri ondan ibarətdir ki, iş axtarışı həmişə müəyyən vaxt tələb edir. Əgər bütün adamlar və bütün iş yerləri tamamilə eyni olsaydılar, yəni hər kəs eyni səviyyədə hər bir iş yerinə uyğun gəlsəydi, yəqin ki, iş axtarışı xüsusi bir problemə çevrilməzdi və işsizlər onlara lazım olan iş yerlərini tez tapardılar. Lakin həqiqətdə insanlar öz istəkləri ilə və ixtisas vərdişləri ilə bir-birindən fərqlənirlər və iş yerlərinin müəyyən fərqli xüsusiyyətləri vardır. Mövcud vakansiyalar və iş axtaranlar barəsində məlumatlar isə firmalar və ev təsərrüfatları arasında çox yavaş yayılırlar.