Yay digər fəsillərlə müqayisədə pivənin ən çox içildiyi mövsümdür. Zəif alkoqollu içki növü olan pivə ən qədim içki növlərindəndir. Bu içkinin hələ bizim eradan əvvəl Qədim Misir, Babil, Çin dövlətlərində istifadə edilməsinə dair tarixi məlumatlar var. Bu gün dünyada müxtəlif adda və çeşiddə pivə istehsal olunur.
Qədim Şərq və Qərb xalqları qida sahəsində yüksək zövqə malik idilər. Bir sıra bitkilərin toxumlarını onlar bu və ya digər halda ədviyyat kimi istifadə edirdilər. Aşağıda bu ədviyyatların bəziləri haqqında məlumat veririk.
Keşniş — Zaqafqaziyada mədəniləşdirilmiş göyərtilərdən biridir. Keşniş toxumları ev şəraitində ət xörəklərində, çörək bişirəndə və şərbət hazırlanmasında istifadə edilir. Keşniş toxumlarından ətirli efir yağı çəkilir. Bu da ətriyyat və sabun sənayesində işlənir.
Keşniş yağından müxtəlif dərmanlar da hazırlanır.Şüyüdün toxumundan duru xörəklərə dad vermək üçün istifadə edirlər. Sənayedə o, qənnadı və ətriyyat istehsalında tətbiq edilir. Şüyüdün təbabətdə də öz yeri var.
Qara istiotun vətəni Cənubi Hindistandır. Hazırda o Hindistan, İndoneziya, Tailand, Şri-Lanka və Malayziyada becərilir.
Darçın kol bitkisidir və vətəni Şri-Lankadır. Hindistanda, Çində, İndoneziyada, Malayziyada, Braziliyada da əkilib becərilir.
Mixəyin vətəni Molukk adalarıdır. Hazırda isə bu ədviyyatın əsas istehsalı (təqribən 90 faizi) Tanzaniya, Zanzibar və Pemba adalarının payına düşür. Hindistanda və Şri-Lankada da müəyyən miqdar məhsul yığılır.Mixək bizim eradan əvvəl IV əsrdə misirlilərə, bir əsr sonra isə çinlilərə məlum olub. Bizim eradan əvvəl (206-220-ci illər) saray adamları Çin imperatorunun qəbuluna gedərkən ağızları xoş qoxu versin deyə mixək çeynəyirdilər.
Xurmanı (finikiya palmasının meyvəsi) İraq ərazisində yaşamış şumerlər 9 000 il bundan əvvəl mədəniləşdirmişlər. Xurma Şərqin ən qiymətli ağaclarından biri sayılır. Haqlı olaraq ona çörək ağacı da deyirlər. Şübhəsiz ki, xurma Misirdə, Assuriyada, Finikiyada və İranda mədəniləşdirilib.
Qədim Misirdə-Fivada bir-birindən gözəl xurma palmaları becərilmişdir. Bu ölkədə o zamandan xurmanın şöhrəti həmişə yüksəkdə olmuşdur.
XIX əsrin axırında Misirdə 4 milyon ədəd bar verən finika palması var idi. Hər ağac ildə orta hesabla 150-160 kiloqram məhsul verirdi.
Tarixin atası Herodot yazır ki, Babilistan düzənliklərində finika palmaları ucalır, çoxu da məhsul gətirir. Palma meyvəsindən çörək, şərab və bal hazırlayırlar.
Qida dəyərinə görə göbələklər ətdən, meyvə və tərəvəzlərdən geri qalmırlar. Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, S, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.
Lakin göbələkdə yağlar az olduğu üçün onlar azkalorili qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlar göbələkdən istifadə edə bilərlər.
Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir.
Ateroskleroz, piylənmə, diabet, hipertoniya və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir.
Süd məhsullarının faydası çoxdan təsdiq olunmuş bir faktdır. Süd məhsulları mədə şirəsinin ifraz olunmasını stimullaşdırır, bağırsaqların fəaliyyətini və maddələr mübadiləsini yaxşılaşdırır, orqanizm tərəfindən çox tez və asan mənimsənilir.
Bundan əlavə, insan orqanizminə düşdükdə südturşulu bakteriyalar S, B1, B2, B12, D vitaminlərini və hətta təbii antibiotikləri istehsal edir ki, onlar xəstəlikləri törədən mikrobların (o cümlədən, mədə-bağırsaq və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və ya onları məhv edir.
Süd məhsullarının tərkibində orqanizm üçün vacib olan çoxlu miqdarda kalsium və fosfor mikroelementləri var ki, bu da insanın dişləri və sümükləri tərkibinə daxildir.
Bundan əlavə, kalsium insanın ürək əzələsinin, gözlərin, sinir sisteminin sağlamlığında böyük rol oynayır. Digər süd məhsulları ilə müqayisədə, kalsium daha çox miqdarda bərk pendirlərin tərkibində olur.
Lakin süd məhsullarının, bəlkə də, ən əsas dəyəri ondan ibarətdir ki, onlar bağırsaq mikroflorasını yaxşılaşdırırlar. Pis ekologiya, stresslər, antibiotik və s. dərmanlarının tez-tez qəbul edilməsi, düzgün olmayan qidalanma bağırsaqların mikroflorasına güclü zərbə vurur.
Nəticədə, orada “yaşayan” xeyirli mikroorqanizmlərin sayı kəskin surətdə azalır və əksinə zərərli mikroorqanizmlərin sayı artır. Bu balans pozulduqda disbakterioz inkişaf edir, nəticədə isə insanın immun sistemi zəifləyir. İmmun sistemin zəiflənməsi isə orqanizmdə müxtəlif xəstəliklərin və pozğunluqların əmələ gəlməsinə yol açır.
Qatıq və yoqurt mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzin fəaliyyətini yaxşılaşdırır. Onlar qəbizlik, kolit, qastrit, qara ciyər və öd yollarının xəstəlikləri, piylənmə, ateroskleroz, hipertoniya, qanazlığı, miokard infarktı zamanı çox xeyirlidir.