pakt (lat. «pactum» — «saziş») — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
paqoda (port. «paqoda», sanskr. «bhaqavat» — «müqəddəs»; hərfi mənası -«dəfinələr qülləsi») — buddizm dini əşyalarını saxlamaq üçün tikilir və memorial funksiya daşıyır, «müqoddəs yer» mənasını ifadə edir.
paleolit (yun. «qədim daş») — daş dövrünün birinci mərhələsidir. Paleolit 2 milyon il əvvəl — «bacarıqlı insan „ın meydana gəlməsi ilə başlanmış və e.ə. X minilliyədək davam etmişdir. Paleolit dövründə əvvəllər sürü şəklində yaşamış ən qədim insanlar yığıcılıq və ovçuluqla məşğul olmuş, sonralar isə od əldə etmişlər. Tədricən insanların həyatında dəyişikliklər baş vermişdir. 200 min il bundan əvvələ yaxın neandertal adamı (insanı), 40 min il əvvələ yaxın isə “ağıllı insan» meydana gəlmişdir. İnsanlar nəsli icmalarda yaşamağa başlamışlar.
obstruksiya — 1) parlament tərəfindən müxalif qrup üçün qeyri-məqbul hesab edilən qanun layihəsinin müzakirəsi və qəbulunu pozmaq məqsədi ilə keçirilən etiraz, protest; 2) hər hansı təklifin, tədbirin dayandırılmasına nümayişkaranə şəkildə yönəldilmiş fəaliyyət.
obyektiv — hər hansı obyektin özünə mənsub və insan şüurundan asılı olmadan mövcudluğu.
Nadir şah Əfşar (1688 — 1747) — sərkərdə, İran şahı (1736 — 47). Nadir xan mənşəcə qızılbaş əfşar tayfasındandır. Fəaliyyətinə sərkərdə kimi başlamışdır. 1726-cı ildə İrana soxulmuş əfqanları qovmuşdu. Əfqanlar üzərində qələbə, eləcə də 1730 — 31-ci illərdə osmanlı türklərinə qarşı apardığı uğurlu hərbi döyüşlər Nadir xanın nüfuzunu yüksəltmişdir. O, 1732-ci ildə Səfəvi şahı Təhmasibi devirərək onun azyaşlı oğlu III Abbası şah elan etmiş, özü isə şahın qəyyumu kimi dövlət idarəsini əlində cəmləşdirmişdir. 1736-cı ildə — Osmanlı imperiyası ilə müharibə qurtardıqdan sonra özünü İranın şahı elan etmişdir. Nadir şahın əsas dayağı qızılbaş əfşar tayfası və kürdlər idi. Onun yeritdiyi siyasət mərkəzləşdirilmiş güclü hakimiyyət yaratmağa və İran feodallarının gəlir mənbəyi olan işğalçı müharibələr aparmağa yönəlmişdi. O, tərkibinə Azərbaycan, indiki Ermənistan, Gürcüstan, Dağıstan, Əfqanıstan, Bəlucistan, Xivə və Buxara xanlıqları da daxil edilən böyük imperiya yaratdı. Nadir şah 1739-cu ildə Böyük Moğollar imperiyasının paytaxtı Dehlini tutdu.
Oktyabr ərəfəsində ölkənin daxili vəziyyəti.Ölkədə inqilabi böhran getdikcə dərinləşirdi. İmperialist müharibəsi və iqtisadi dağıntı şəraitində 1917-ci ilin payızında ümummilli böhranın yetişməsi sürətləndi. Ölkəyə amansız təsərrüfat fəlakəti və aclıq yaxınlaşırdı. Sənayenin ümumi məhsulunun həcmi 1917-ci ildə 1916-cı ilə nisbətən 36,5 faiz azalmışdı. 1917-ci ilin Fevral inqilabından sonra 800-dən çox müəssisə bağlanmış, 170 min fəhlə işdən çıxarılmışdı. Yanacaq və metal hasilatı kəskin azalmışdı. Dəmir yolları ilə yük daşınması 1916-cı ilə nisbətən 34 faiz aşağı düşmüşdü.
İyul nümayişindən sonra hökumət gözlənilən üsyanın qarşısını almaq üçün qüvvələrini səfərbərliyə almağa başladı. İnqilaba qarşı özünün barışmaz mövqeyi ilə məşhur olan general L.G.Kornilov iyulun 16-da A.A.Brusilovun yerinə Ali Baş komandan təyin edildi. L.Kornilov orduda mitinqlərin qadağan edilməsi haqqında əmr verdi. Cəbhədə hərbi-səhra məhkəmələri fəaliyyət göstərməyə başladı. Lavr Kornilov arxada da ölüm cəzası qoyulmasını tələb edirdi.
Cəbhədəki ağır vəziyyət Sovet dövlətini məcbur etdi ki, 1918-ci ilin mayından başlayaraq fövqəladə tədbirlər həyata keçirsin. Mayda verilən dekretlə kənd yerlərində ərzağı müsadirə etmək hüququna malik olan xüsusi fəhlə dəstələri təşkil olundu. Eyni zamanda kəndlilərin narazılığından ehtiyat edən hökumət öz sosial bazasın möhkəmlətmək məqsədilə yoxsul komitələri (kombedlər) yaratdılar. Onların əsas vəzifəsi kənd təsərrüfatı məhsullarının toplanmasına kömək etmək idi. Toplanan məhsulun bir hissəsi komitə üzvlərinə çatırdı. Yeni ərzaq siyasəti kəndin təbəqələşməsinə və siyasi cəhətdən bölünməsinə səbəb oldu. Bundan sonra öz hüquqlarının tapdalandığını hesab edən kəndlilərin bir hissəsi «ağ» hərəkata qoşuldu, digər bir hissəsi isə nə «ağları», nə də «qırmızıları» qəbul etməyərək partizan hərəkatında birləşdilər.
Cəmiyyətin dərindən və əsaslı olaraq siyasi parçalanmağa məruz qalması vətəndaş müharibəsinə səbəb oldu. Bu onunla izah edilirdi ki, əks tərəflərdə duran siyasi qüvvələr aralarında yaranan kəskin ziddiyyətləri həll etməyin sülh və ya qarşılıqlı güzəşt yolunu seçmək arzusundan və imkanından çox uzaq idilər. Odur ki, xüsusi amansızlığı ilə fərqlənən vətəndaş müharibəsi Rusiya tarixinin dəhşətli faciəsi olaraq 13 milyon nəfər insanın ölümünə səbəb olmuşdur. Qardaşın qardaşı öldürdüyü, atanın oğulla müharibəsi, ailələri və qohumluq əlaqələrini parçalayan, şəhərlə kəndi, ölkənin ayrı-ayrı hissələrin qarşı-qarşıya gətirən vətəndaş müharibəsi qeyri-insani hadisələrlə dolu olan tarixə vurulan bir damğa kimi yaddaşlara həkk edilib.
maaflar (ər. «azad edilmiş») — Azərbaycan xanlıqlarında əhalinin hərbi xidmətə görə vergidən azad edilmiş imtiyazlı təbəqəsi. Maaflar əsasən elatların arasından çıxırdı. Maaf rütbəsi xan tərəfindən verilirdi. Maaflıq irsi idi.
Maarifçilik — feodalizmdən kapitalizmə keçid dövründə yaranmaqda olan burjuaziyanın və xalq kütlələrinin feodalizmə qarşı mübarizəsi ilə bağlı mütərəqqi ideya cərəyanı. Maarifçiliyin ən tanınmış nümayəndələri — İngiltərədə C.Lokk, Fransada Volter, J.İ.Russo, Ş.Monteskyö, P.A.Holbax, K.A.Helvetsi, D.Didro, Almaniyada Q.E.Lessinq, İ.Q.Herder, F.Şiller, İ.V.Göte, ABŞ-da T.Cefferson, B.Franklin, T.Peyn və b. idilər. Maarifçilik xadimləri «təbii hüquq nəzəriyyəsinə əsaslanan „əqlin hökmranlığı“nın qurulması uğrunda, siyasi azadlıq və vətəndaşlıq bərabərliyi uğrunda mübarizə aparırdılar. Yeni ictimai qaydaların qurulmasında onlar biliklərin yayılmasına mühüm rol ayırırdılar. Maarifçilik bir sıra burjua inqilabları üçün ideoloji hazırlıq olmuşdur.
labirint — 1) antik tarixçilərin mürəkkəb və dolaşıq planlı yarımzirzəmi tikililərə verdikləri ad. Qədim tarixçilər dörd labirint — rəvayətə görə, Dedal tərəfindən Minotavr üçün inşa edilmiş (Krit); firon III Amenemhet tərəfindən tikilmiş (Misir); tiran Polikratın əmri ilə qurulmuş (Samos); güman edildiyinə görə, etrusk hökmdarının sərdabəsi olan (İtaliya) labirint haqqında məlumat verirlər. Bunlardan ən məşhuru Krit adasındakı labirintdir; 2) dövrümüzdə «labirint» sözü təkcə dolaşıq planlı tikili mənasını deyil, həm də çıxılması çətin olan dolaşıq vəziyyət, şərait, münasibətlər mənasını verir («ziddiyyətlər labirinti»).
lakonik çıxış (nitq) — Qədim Spartada oğlan və qızlara qısa və aydın danışmağı öyrədirdilər; məsələn: oğlunu müharibəyə yola salan spartalı qadın ona qalxan verərək deyirdi: «Ya bununla, ya da bunun üstündə»; Spartada qalxanı itirmək biabırçılıq sayılırdı, savaşda şərəflə həlak olan döyüşçünün cənazəsini qalxan üzərində gətirirdilər. «Ya qalxanla, ya da qalxan üstündə» sözləri geniş yayılmışdı. Bizim dövrümüzdə qısa və aydın nitqi lakonik, yəni Lakonikadakı kimi adlandırırlar.
Qacarlar — İranda türk sülaləsi (1796 — 1925). Sülalənin banisi — mənşəcə türk qacar tayfasından olan Ağa Məhəmməd şah Qacardır. 1925-ci ildə İranda Qacarlar sülaləsini Pəhləvilər sülaləsi əvəz etmişdir.
qaçaq — Azərbaycanda yerli feodallara və çar məmurlarına qarşı mübarizə aparan silahlı kəndli dəstələrinin iştirakçısı. Öz kəndlərindən dağlara və meşələrə qaçan kəndlilər xırda silahlı dəstələrdə birləşərək yerli feodalların və çar məmurlarının üzərinə hücum edir, onların əmlakını alıb yoxsullara paylayırdılar. Yerli əhali qaçaqları müdafiə edir və gizlədirdi. XIX əsrin sonları — XX əsrin əvvəllərində qaçaq hərəkatı Şimali Azərbaycanda geniş yayılmışdı.